Nyu-Yorkda Türkiyədəki zəlzələ ilə bağlı yardım məntəqəsi yaradıldı
Türkiyənin Nyu-Yorkdakı Baş konsulluğunun inzibati binasında zəlzələdən zərərçəkən insanlarla bağlı yardım toplama məntəqəsi yaradılıb.
Türk Evində qurulan məntəqəyə ABŞ-ın müxtəlif şəhər və ştatlarında yaşayan türk və Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərər görənlərə yardım məqsədi ilə müəyyən vasitələr, geyimlər, çadırlar və ərzaq məhsulları gətiriblər.
Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür bildirib ki, içərisində humanitar yardım olan dörd yük avtomobili bu gün Türk Hava Yollarının Nyu-Yorkdan İstanbula həyata keçirəcəyi iki müxtəlif reys vasitəsi ilə Türkiyəyə göndəriləcək.
Konsul qeyd edib ki, yardım toplama məntəqəsi ehtiyaclar təmin olunana qədər fəaliyyət göstərəcək. “Soydaşlarımız təmiz və istifadə olunmamış yardım materiallarını məntəqəyə çatdıra bilərlər”.//Report.az