Onlar da zəlzələdə yaxınlarını itirdilər...
Faciə baş verəndə nə hansı işin sahibi olduğuna, nə də imkanına baxır. Günlər əvvəl Türkiyədə baş verən və bütün dünyanın diqqətində olan zəlzələ kimi. Bu hadisə bəzi ailələri tamamilə yox etdi, bəzilərini yarımçıq qoydu. Yeni aldığı evinin sevincini yaşaya bilməyənlər, yenicə doğulmuş körpəsini kimsəsiz qoyanlar... Siyahı beləcə davam edə bilər. Bu faciədən çoxları zərbə aldı. Elə sənətçilər də yan qaça bilmədi.
Demedia.az “Ensonhaber”ə istinadən xəbər verir ki, aparıcı-aktrisa Zuhal Topal 4 gün öncə ölkədə baş verən güclü zəlzələdə yaxınlarını itirib. Bu barədə aparıcı özü məlumat verib. O, dayısı, dayısı oğlu və dostunun həyatını itirdiyini açıqlayıb:
“Bu gün gələ bilən xilasedicilər dayım və dayım oğlunun meyitlərini tapıblar. Kədərimə qəzəbim, yasıma geridə qalanlara olan ümidim qarışdı. Allah canı üçün mübarizə aparan bütün vətəndaşlarımıza və əzmlə çalışan bütün komandalara kömək olsun”.
Aparıcı daha sonra isə dostunun öldüyü barədə məlumat verib. Sosial şəbəkə hesabında etdiyi paylaşımda bu sözləri yazıb: “Bu ağrı təsvir edilə bilməz! Hər bir can bizimdir, amma ay əvvəl bütün həftəni söhbət etdiyim, dünyanın ən yaxşılarından olan Leventin itkisi ürəyimi parçaladı. Allah ailəsinə səbr versin. Rəbbim yaxınlarını itirən hər kəsə güc, şəfa, səbr versin”.
Zəlzələdə qohumunu itirən digər bir sənətçi isə Haluk Leventdir. AHBAP (Anadolu Xalq və Sülh Platforması) dərnəyinin qurucusu Levent zərərçəkənlərə yardım etməklə məşğul olarkən üzücü xəbər alıb. Musiqiçi əmisi oğlunun dağıntılar altında öldüyünü “Ahh ya ahh! Kiçik əmimoğlu Güvən Dönbak dağıntılar altında qalıb. Onu xilas etmək mümkün olmayıb” sözləri ilə paylaşıb.
Tanınmış aktyor Erkan Petekkayanın həyat yoldaşının qohumları da həlak olublar.
Sənətçinin həyat yoldaşı Didem Petekkaya sosial media hesabında paylaşım edərək bildirib ki, qohumları - İsmayıl Küseyrioğlu, Ayşegül Kuseyrioğlu və 9 yaşlı Zeynep Kuseyrioğlu dağıntılar altında qalaraq vəfat ediblər.
Məşhur aktyor Uğur Aslan da zəlzələdən ağır zərbə alanlardandır. Belə ki, o, bir neçə gün əvvəl qohumlarının yarıdan çoxunun dağıntılar altında qaldığını və hələ də onlardan xəbər ala bilmədiyini açıqlamışdı: “Biz artıq onları itirdiyimizi düşünürük”.