"Twitter"in sahibi şirkəti iflasa aparır - Reklamverənlər Maskla yollarını ayırdı
"Tesla"nın sahibi İlon Maskın yeni reklam siyasəti ilə razılaşmayan bir çox şirkət "Twitter" ilə yollarını ayırıb.
Demedi.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.Oktyabrın sonunda Mask korporasiyanı aldıqdan sonra "Coca-Cola", "Unilever", "Wells Fargo" kimi brendlər də daxil olmaqla təxminən 625 şirkət "Twitter" ilə əməkdaşlığı dayandırıb. Nəticədə sosial şəbəkənin dörd ay ərzində reklam gəliri 60 faizdən çox azalaraq 127 milyon dollardan 48 milyon dollara düşüb.
Bütün bunlara münasibət bildirən Mask "Twitter" i qəzaya uğrayan təyyarə ilə müqayisə edərək bildirib ki, şirkətin xərclərinin azaldılması istiqamətində apardığı siyasət ona 2023-cü ili itkisiz başa vurmağa imkan verəcək.
Qeyd edək ki, oktyabrın 27-də "Twitter" i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.Sövdələşmədən dərhal sonra o, baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqal da daxil olmaqla, şirkət rəhbərliyinin bir çox üzvlərini işdən çıxarıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumat bazasında yerləşdirilən sənədlərdən belə məlum olur ki, Mask həm də direktorlar şurasını ləğv edib və şirkətin yeganə rəhbəri olub.