Vali Kahramanmaraşda Azərbaycan könüllülərinin fəaliyyəti ilə tanış oldu



 11:48 22.02.2023     337

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bölgəyə təyinat alan Samsun vilayətinin valisi Zülkif Dağlı, vilayətin baş prokuroru Sedat Çelik və polis rəisi Ömər Urhal Azərbaycan könüllülərinin düşərgəsinə baş çəkib.

Demedia.az-ın xəbərinə görə, onlar Azərbaycanın könüllü gənclərinin qardaş ölkədəki bu nəcib fəaliyyətini çox yüksək qiymətləndirib, onlara minnətdarlığını ifadə ediblər.

Qeyd edək ki, təbii fəlakətdən zərər görmüş bölgələrdəki çadır şəhərciklərdə könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edir, eləcə də zərərçəkmiş bölgələrdəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən onlarla məhəlləyə zəruri yardımları çatdırır və digər dəstəkverici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz onlarla kəndə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər.

Xatırladaq ki, Azərbaycan könüllüləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərirlər. Bununla yanaşı, tibb təhsilli könüllülərimiz yerli əhaliyə ilkin tibbi yardım göstərdikdən sonra peşəkar həkimlərə yönəldir, eləcə də səyyar apteklərdə zərərçəkənlərə xidmət edirlər.