Türkiyədə zəlzələ ilə bağlı araşdırma başladı
Türkiyənin Qaziantep şəhərinin Nurdağı rayonunun bələdiyyə sədri Ökkeş Kavak saxlanılıb.
Demedia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, Kahramanmaraşda baş vermiş zəlzələ ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.
Bələdiyyə sədrinin konkret olaraq hansı maddə ilə ittiham olunduğu hələ ki açıqlanmayıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 218 nəfər ölüb.