Ukraynanın işğal altında olan şəhər və kəndlərinin sayı açıqlandı
Bu gün Ukraynanın 1 877 şəhər və kəndi işğal altındadır, burada insanlar adi şeylərdən məhrumdur.
Demedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın ölkəsi ilə həmrəyliyinə həsr olunmuş tədbir iştirakçılarına müraciəti zamanı deyib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri işğal altında olan şəhər və kəndlərin sayını artırmağa, daha milyonlarla parçalanmış talelər əlavə etməyə çalışırlar.
“Biz Ukrayna torpağında elə bir şey uğrunda vuruşuruq ki, dostlar, sizin hamınız həyatınızı onsuz təsəvvür edə bilməzsiniz. Bu adi təhlükəsizlikdir. Bu, azadlıq və qanun altında yaşamaqdır. Bu, insan ləyaqəti və hər bir fərdin və hər bir cəmiyyətin özünə hörmət hüququdur. Ailədə yaşamaq xoşbəxtliyi, və övladlarınız üçün təhlükəsiz və azad gələcək arzulamaq imkanıdır”, - Zelenski deyib.
O bildirib ki, yarım milyona yaxın insanın yaşadığı, işğal olunmuş Mariupol şəhərinin 90%-i dağıdılıb.