Qırğızıstan “Pfizer” peyvəndindən niyə imtina etdiyini açıqladı
Qırğızıstan “Pfizer” peyvəndindən imtina edəcək.
Buna səbəb onun saxlanması üçün soyuducu çatışmazlığıdır.
“RİA Novosti” xəbər verir ki, bu barədə respublikanın Səhiyyə naziri Alımkadır Beyşenaliev bildirib.
“Bizə ABŞ-ın “Pfizer” peyvəndi təklif edilib. Ancaq peyvənd -70 dərəcə temperaturda saxlanılmalıdır. Bizə bir milyondan çox dozanı pulsuz vermək istəyirdilər. Vaksini gətirmək, saxlamaq və əhalini peyvənd etmək üçün xüsusi soyuduculara ehtiyacımız var. Ancaq bu cür soyuducularımız yoxdur”.
Nazirin sözlərinə görə, bu temperaturu saxlaya biləcək bir soyuducunun qiyməti təxminən 4 min ABŞ dollarıdır.
O qeyd edib ki, “Pfizer” peyvəndini təmin etmək üçün materiallara daha 2 milyon dollar lazımdır:
“Təəssüf ki, büdcədə bu qədər pul yoxdur”.
Qırğızıstanlı nazir hazırda ölkəsinin -2 dərəcədən -18 dərəcəyə qədər temperaturda saxlanılan Rusiya peyvəndinin tədarükü barədə danışıqlar apardığını deyib.