Zəlzələlər Suriyaya təxminən 5,1 milyard dollar ziyan vurdu
Fevral ayında baş verən zəlzələlər Suriyaya təxminən 5,1 milyard dollar ziyan vurub.
Demedia.az xəbər verir ki, bu barədə Dünya Bankının rəsmi saytında dərc olunmuş “Suriyadakı dağıntıların qiymətləndirilməsi üzrə qlobal əməliyyat hesabatı”nda deyilir.
Dünya Bankının Yaxın Şərq üzrə direktoru Jan-Kristof Karre bildirib ki, dağıntılar Suriya xalqının son illər ərzində çəkdiyi iztirab və məhrumiyyətləri daha da artırır:
“Fəlakət işgüzar fəallığın azalmasına gətirib çıxaracaq, Suriyanın iqtisadi inkişaf perspektivlərini daha da pisləşdirəcək”.
Bununla yanaşı, bankdan bildirilib ki, dəymiş ziyanın real miqyasını müəyyənləşdirmək hələ də çətindir və ilkin hesablamalar iqtisadiyyata dəymiş dolayı itkilər nəzərə alınmadan 2,7 milyard dollardan 7,9 milyard dollara qədərdir.
Dünya Bankının məlumatına görə, zəlzələlərdən daha çox Hələb əyaləti (45 faiz - 2,3 milyard dollar), İdlib (37 faiz - 1,9 milyard dollar) və Latakiya (11 faiz - 549 milyon dollar) zərər çəkib.