İtaliya hökuməti iqtisadiyyata dəstək məqsədilə 32 milyard avro ayıracaq
İtaliya hakimiyyəti iqtisadiyyatın stimullaşdırılması üzrə 32 milyard avro həcmində tədbirlər paketi çərçivəsində əmək bazarına dəstək proqramının uzadılması üçün 10 milyard avro ayırmağı planlaşdırır.
Nexeber.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin yeni Baş naziri Mario Draqi üçün ilk tədbirlər paketi artıq bu həftə hazır olacaq.
Mario Draqi administrasiyası xüsusən xidmət sahəsində iş yerlərinin azaldılmasına qoyulan qadağanı 2021-ci ilə qədər uzatmaq niyyətindədir. Hakimiyyət iş yerlərinin qorunması üzrə digər tədbirləri də yenidən maliyyələşdirəcək. Buna kompaniyaların məcburi məzuniyyətdə olan əməkdaşların işdə saxlanılması xərclərinin kompensasiyası da daxildir. Böhran əleyhinə stimullaşdırma paketinin digər maddələri arasında vaksinasiya proqramına dəstək, həmçinin həyətyanı təsərrüfatlara yardım üçün 2,5 milyard avronun ayrılması da daxildir.
Hazırlanan paket də daxil olmaqla, İtaliyanın böhrana qarşı tədbirlərə ayırdığı vəsaitin ümumi həcmi 130 milyard avronu ötüb. Bununla yanaşı, ekspertlər ölkə hökumətinin yeni məhdudiyyət tədbirləri ilə bağlı yaxın aylarda əlavə stimullara əl atacağını da gözləyirlər.
2020-ci ildə İtaliyanın ümumdaxili məhsulunun həcmi 9 faiz azalıb, ötən ilin sonları üçün dövlət borcu isə ÜDM-in 156 faizinə çatıb.
Qeyd edək ki, son zamanlar yeni koronavirus ştammlarının peyda olması ilə yanaşı, İtaliyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı da yenidən artmağa başlayıb və hakimiyyət məhdudiyyət tədbirlərinin sərtləşdirilməsini nəzərdən keçirir. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, İtaliyada koronavirusa yoluxanların sayı 3 milyon 81 mini ötüb, həmçinin COVID-19 infeksiyası səbəbindən 100 mindən çox insan həyatını itirib.