Macarıstan XİN başçısı ABŞ-ın qeyri-dost münasibətindən gileyləndi
Hazırkı ABŞ administrasiyası Macarıstanı siyasi opponent kimi görür, çünki o, kənardan gələn göstərişlərə əməl etmək istəmir və müstəqil siyasət aparır.
Demedia.az “Report”a istinadən xəbər verir ki, bu qənaətə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto martın 26-da Niderlandın ictimai televiziyasına müsahibəsində bildirib.
O, Budapeştlə Vaşinqton arasındakı münasibətlərlə bağlı suala belə cavab verib: “İndiki ABŞ administrasiyası özünü bizim dost müttəfiqimiz kimi göstərmir. Onlar bizi opponent sayırlar”.
“Biz onları opponent saymırıq, çünki ABŞ Macarıstanın dostudur və biz müttəfiqik. Bizi opponent kimi təqdim edən hazırkı Amerika administrasiyasıdır, çünki bizdə var gücü ilə milli maraqları müdafiə etməyə can atan vətənpərvər, mühafizəkar, sağçı hökumət var. Biz kənardan qiymətləndirmə və öyüdlərə qulaq asmaq istəmirik və bu, indiki administrasiyanın xoşuna gəlmir”, - XİN başçısı vurğulayıb.
Siyarto həmçinin ABŞ-nin Budapeştdəki səfiri Devid Pressmanın Macarıstan cəmiyyətinin daxili problemlərini tez-tez açıq şəkildə qiymətləndirməyə başlamasından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, xaricdəki macar diplomatlarından hər hansı biri buna bənzər şeyə yol versəydi, onlar dərhal vətənlərinə geri çağırılardı.
Bundan başqa, nazir təsdiqləyib ki, Macarıstan Ukrayna ordusunu silahla təchiz edən ABŞ, həmçinin Aİ ölkələrinin əksəriyyətinin hərəkətlərini yanlış sayır.
“Biz Ukraynaya silah göndərməmək qərarına gələn azsaylı Aİ ölkələrindən biriyik. Bunun səbəbi odur ki, biz müharibənin eskalasiyasına səbəb olan istənilən addıma qarşıyıq. Amerikalılar Ukraynaya avropalılardan qat-qat çox silah verirlər və onlar bunu etdikcə Ukrayna döyüşə biləcək”, - Siyarto aydınlıq gətirib.