Dövlət Baxçalı: “TCG Anadolu" desant gəmisi türklərin tarixi uğurudur”



 15:14 12.04.2023     330

“Türkiyənin ilk milli “TCG Anadolu" desant gəmisi türklərin tarixi uğurudur”.

Demedia.az “Milliyət”ə istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.

O bildirib ki, Türkiyə Cümhuriyyətinin 100-cü ili Ankaranın güclü addımlar atmasına şərait yaradacaq: “Türkiyə hazırda öz desant gəmisini istehsal edən 10 ölkədən biridir. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla birlikdə şahidi olduğumuz hadisələr, həqiqətən, tarixi uğurdur, sevindirici və qətiyyətli irəliləyişdir”.

Partiya lideri söyləyib ki, fevralın 6-da baş vermiş zəlzələnin nəticələri tədricən aradan qaldırılır: “Fəlakətlər nə qədər böyük olursa olsun, pessimizmə qapılmayacağıq. Hücumlar, sui-qəsd cəhdləri qarşısında geri addım atmayacağıq. Hiylələrə, məkrli oyunlara təslim olmayacağıq. Təhdidlər kifayət qədər çox olsa da, ətrafımızda davamlı sülhün təmin olunması əsas prioritetimizdir”.

D.Baxçalının fikrincə, Türkiyənin hədəflərinə çatması mayın 14-də baş tutacaq prezident və parlament seçkilərinin nəticəsindən asılıdır: “Qərarı böyük Türk xalqı verəcək. Əsər və xidmət karvanı yarı yolda qalmamalıdır”.