Korona Çinin silahı kimi hazırlanırmış - Detallar
Çinli alimlər pandemiyanın yayılmasından hələ 5 il əvvəl koronavirusun silah kimi istifadə edilməsilə bağlı təcrübələr aparırdılar. Bu qalmaqallı məlumat ABŞ Dövlət Departamentinin yaydığı son hesabatda yer alıb. Qərb mətbuatının Dövlət Departamentinə istinadən yaydığı hesabatda vurğulanıb ki, Çin Üçüncü Dünya müharibəsini bioloji silahlar vasitəsilə aparılacağını proqnozlaşdırırdı. Koronavirusla bağlı tədqiqatlar da məhz bununla bağlı idi.
Nexeber.az Axar.aza istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Böyük Britaniyanın “San” qəzetində yayımlanan məqalədə ABŞ Dövlət Departamentinin hesabatının məxfi məlumatlara əsasən hazırlandığı bildirilib:
“Həmin kəşfiyyat məlumatlarında çinli mütəxəssislərin və hərbi həkimlərin koronavirus haqqında 2015-c ili əhatə edən yazışmaları yer alıb. Bu yazışmalarda çinli alimlər SARS virusuna bənzər koronavirusun xarakterini belə təsvir ediblər: “Virus insan bədəninə keçdikdə ağır xəstəliyə səbəb olur və sürətlə yayılmağa başlayır”.
Son hesabat Çinin qonşusu Avstraliyada da ciddi müzakirələrə səbəb olub. Avstraliya ilk ölkələrdən idi ki, koronavirusla bağlı beynəlxalq araşdırma qrupunun yaradılmasını təklif etmişdi. Avstraliya rəsmiləri Çini koronavirus barədə dünyanı ilk günlərdə məlumatlandırmamaqda ittiham edir. Həqiqətən koronavirus yayılmağa başladıqda Çin uzun müddət bunu gizli saxlamağa çalışdı. Çin proses yalnız nəzarətdən çıxdıqdan sonra Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırmağı lazım bildi. Artıq gec idi. Virusun yayılma surəti və ölənlərin sayı artmışdı.
Çinin bilərəkdən virusu yaymasına dair faktlar yoxdur. Ancaq son hesabatdan da aydın olur ki, virus Çindəki laboratoriyadan sızıb. Yəni çinli alimlər süni yaradılan virus üzərində tədqiqatlar aparırdı və bir müddətdən sonra virus hansısa yolla laboratoriyadan kənara çıxıb. Hesabatda çinli alimlərin tədqiqata müvafiq ad qoyduqları da yer alıb: “SARS və yeni virusların bioloji silah kimi istifadəsi”.
E.Şahinoğlunun sözlərinə görə, koronavirusun Uhandakı bazardan yayıldığı hesab olunurdu, ancaq Dövlət Departamentinin hesabatından aydın olur ki, virus həmin bazara laboratoriyadan sızıb:
“Avstraliyada yerləşən strateji araşdırmalar mərkəzinin direktoru Piter Ceninqsin yerli mətbuata verdiyi açıqlamaya görə, Çində alimlərin viruslar üzərindəki tədqiqatları illərdir davam edirdi: “Çin gələcək bioloji müharibəyə hazırlaşdığına görə laboratoriyalarında geniş tədqiqat çalışmaları həyata keçirirdi. Çinli alimlərin gəldiyi nəticə bundan ibarət olub ki, bioloji silahla hücum düşmənin səhiyyə sistemini dağıda bilər. Çin bu qənaətə SARS virusunun yayıldığı 2003-cü ildə gəlmişdi”.
Aydındır ki, yeni hesabat Çindən əldə edilən kəşfiyyat məlumatları əsasında hazırlanıb. Məsələn, hesabatda yazılıb ki, Çinin 18 alimi Müdafiə Nazirliyinin sifarişi əsasında virus üzərində tədqiqatlar aparırdı. Tədqiqatlar Hu Desonq adlı çinli alimin rəhbərliyi altında həyata keçirilirdi. Bu alim 2003-cü ildə SARS-la mübarizəyə də rəhbərlik edib və nəticələri barədə Müdafiə Nazirliyinə hesabat hazırlayıb. Görünür, məhz buna görə Çinin Müdafiə Nazirliyi adıçəkilən alimi növbəti tədqiqatlara cəlb edib. Pekində hesab ediblər ki, SARS ağır virus olmaqla yanaşı, düşmənə qarşı hücumda istifadə oluna biləcək bioloji silahdır.
Dövlət Departamentinin hesabatında o da vurğulanıb ki, Çindən yayılmağa başlayan virusa qarşı Pekin ciddi tədbirlər gördü və məhz bunun nəticəsində əhalisi milyard yarım olan ölkədə xəstəliyin qarşısı alındı. Çində 90 min nəfər arasında yayılan virus nəticəsində təxminən 4 mindən bir qədər çox insan vəfat edib. Bu, digər böyük dövlətlərlə müqayisədə xeyli kiçik rəqəmdir. Çin normal həyata qayıdıb, hətta virusun yayıldığı Uhanda şənliklər və konsertlər təşkil edilir. Dövlət Departmanetinin hesabatı bu cümlə ilə bitir: “Pekin səhvini etiraf etmək istəmir”.
Beləliklə, Dövlət Departamentinin Qərb mətbuatı vasitəsilə yaydığı hesabat Çin hakimiyyətinə qarşı tənqidləri artıracaq. Çinlə qonşu Hindistan faciəvi günlərini yaşayır. Hər gün yüz minlərlə insan virusa yoluxur, 4 minə yaxın insan həlak olur. Hindistanda virusdan gündəlik ölüm Çinin virusdan ümumilikdə ölən vətəndaşları qədərdir. Dünya hələ ki, virusla mübarizəni davam etdirir və Dövlət Departamentinin Çinlə bağlı hesabatı hələlik mətbuatın diqqətini cəlb edib. Ancaq pandemiyanın miqyası azalan kimi beynəlxalq aləm virusun sızmasıyla bağlı Çinə yönəlik sualların sayını artıracaq. Çünki bu məsələ tam araşdırılmasa, bəşəriyyət Çin laboratoriyasından sızan növbəti virusla üz-üzə qala bilər”.