Paşinyan Azərbaycan bayrağını yandıran şəxsi işdən çıxarmağı tapşırdı



 14:45 15.04.2023     516

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasının (İTV) rəhbərliyinə Azərbaycan bayrağını yandırdığına görə stilistika studiyasının rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə tapşırıq verib.

Demedia.az xəbər verir ki, bu iddianı “Aysor.am” saytı mənbələrinə istinadən yayıb.

Qeyd olunur ki, İTV-yə bu cür tapşırığın verilməsi barədə telekanalın əməkdaşları məlumat veriblər.

Xatırladaq ki, A.Nikolyan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı zamanı Azərbaycan bayrağı zala gətirildikdən sonra səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb. Sonradan məlum olub ki, onun barəsində cinayət işi açılmayacaq.

Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və bu imtinaya səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.