Ərdoğanla Putin arasında telefon danışığı oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Demedia.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Açıqlamaya əsasən, liderlər Türkiyə-Rusiya əlaqələri və regional məsələləri müzakirə ediblər. Prezident Ərdoğan görüş zamanı Rusiya Prezidenti Vladimir Putinə aprelin 27-də nüvə yanacağının çatdırılması mərasiminin keçiriləcəyi Akkuyu Atom Elektrik Stansiyasına verdiyi töhfələrə görə təşəkkür edib.
Rusiya-Ukrayna müharibəsindəki inkişaflar və taxıl müqaviləsi ilə bağlı araşdırmaların da qiymətləndirildiyi telefon danışığı zamanı Ərdoğan təklif olunan işçi qrupu vasitəsilə yeni təşəbbüslərin üzərində işlənə biləcəyini bildirib.
Tərəflər Suriyadakı hadisələri də müzakirə ediblər.
Rusiya Prezidenti Vladimir Putin də Ərdoğana şəfa diləyib, ən xoş arzularını çatdırıb.
Qeyd edək ki, Prezident Administrasiyası Ərdoğanın telefon danışığı zamanı iş otağından çəkilən fotonu da yayıb. Bu, Türkiyə liderinin aprelin 25-də axşam saatlarında canlı yayımda halı pisləşəndən sonra yayılan ilk görüntüləridir.
Ərdoğanın yanında Türkiyənin vitse-prezidenti Fuat Oktay, prezident sözçüsü İbrahim Kalın və MİT rəhbəri Hakan Fidan da olub.