ABŞ Paşinyana vaxt verdi - “Mayın sonunadək imzala”



 11:31 28.04.2023     322

Ermənistan mayın sonuna qədər Azərbaycanla sülh müqaviləsinin ilkin variantını təsdiqləməlidir.

Demedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Rəsmi komanda bildirir ki, ABŞ-dan Ermənistan hakimiyyətinə sülh sazişinin tezliklə imzalanması üçün təzyiqlər var. Hətta qeyd olunur ki, tərəflər bunun ilkin variantını mayın sonuna kimi təsdiqləməlidirlər. Məlumata görə, müqavilənin layihə variantını bu yaxınlarda Ermənistana Nikol Paşinyanla görüşən ABŞ dövlət katibinin müavini Erika Olson gətirib. ABŞ rəsmisi bundan sonra Azərbaycana gedib”, - məlumatda deyilir.

Erməni nəşri bildirir ki, sənədin məzmunu ilə bağlı təfərrüatlar məlum deyil, amma bunun Azərbaycanın maraqlarına uyğun gəldiyi ehtimalı yüksəkdir:

“Yəqin ki, Qərbin bu tələsikliyi Ukraynada irəliləyişə nail olmaq və nəhayət Rusiyanı məğlub etmək istəyi ilə bağlıdır. Rusiyanı küncə sıxışdırmağın yollarından biri də, onu regionumuzdan qovmaq və iqtisadi sanksiyalar tələbinə ciddi əməl etməsi üçün Ermənistana təzyiqi gücləndirmək və Rusiyaya bu sanksiyalardan yan keçməyə kömək etməsinin qarşısını almaqdır. Eləcə də Rusiya sülhməramlılarını Qarabağ və Ermənistandan çıxarmaq. Qərbin imzalanmasını istədiyi sülh müqaviləsi isə bu məqsədə çatmağın yollarından biridir. Qərb də görür ki, Ermənistanın xarici ticarət dövriyyəsinin kəskin artması, büdcəyə əlavə gəlirlərin gəlməsi müstəsna olaraq Rusiya-Ukrayna münaqişəsi, yəni Ermənistanın Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yan keçməsi ilə bağlıdır.

İndi Azərbaycanla sülh müqaviləsi imzalamaqla Ermənistanı siyasi addım atmağa məcbur etmək, Rusiyaya “paralel ixracı” dayandırmaq qərarına gəliblər.

Martın əvvəlində Avropa İttifaqının nümayəndəsi açıqlamışdı ki, Rusiyaya yaxın ölkələrlə, o cümlədən Ermənistanla ticarətin ciddi şəkildə artması sual doğurur. Suallar sanksiyalara məruz qalan malların başqa ölkələr vasitəsilə Rusiyaya daxil olub-olmaması ilə bağlıdır.

Sanksiyaların tətbiqindən sonra Avropa Birliyi, ABŞ və Böyük Britaniyadan Rusiyaya ixrac yarıdan çox azalıb. Avropa və ABŞ-dan isə Ermənistana idxalda kəskin artım olub, Rusiyaya ixrac isə iki dəfə artıb. Qərb buna göz yummaq fikrində deyil.

Qərbin müxtəlif rəsmilərinin tez-tez Ermənistana səfərləri sübut edir ki, manevr vaxtımız bitib və Nikol Paşinyan açıq və tez qərar qəbul etməyə məcburdur. Tələb belədir: müqavilə imzalayın və sanksiyalar altında olan Rusiya ilə siyasi və ticarət-iqtisadi əlaqələri dayandırın”.

“Hraparak” iddia edir ki, Qərb rəsmiləri Paşinyana “qırmızı vərəqə” göstərərək, onu Qərblə münasibətləri istiləşdirərək, sərt anti-Rusiya siyasəti aparmağa məcbur edirlər. Qəzet Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxınlarda ABŞ-da görüşəcəklərinə də diqqət çəkib.