Dünya ölkələri vətəndaşlarını Sudandan təxliyə edir



 13:45 29.04.2023     416

Dünyanın bir sıra ölkələri vətəndaşlarını Sudandan təxliyə edir.

Demedia.az xəbər verir ki, Çin hərbi dəniz qüvvələrinin iki dəniz gəmisindən istifadə edərək 668 vətəndaşını və digər xalqlardan olan 10 insanı Sudandan təxliyə edib.

Təxliyə Ciddə limanından həyata keçirilib. Əməliyyatda “Weishanhu” təchizat gəmisi və idarə olunan raket esminesi “Nanning” iştirak edib. Təyyarədə 500-ə yaxın zabit və matros, xüsusi təyinatlılar, həmçinin bir helikopter olub.

ABŞ da Sudandan öz vətəndaşlarının təxliyəsinə başlayıb. “The New York Times”ın məlumatına görə, Birləşmiş Ştatlar cümə günü Amerika vətəndaşlarını Xartum və Port Sudan şəhərləri arasında mütəşəkkil quru yolu ilə təxliyə əməliyyatına start verib.

"300-ə yaxın amerikalının olduğu avtobus karvanı cümə günü axşam saatlarında Sudanın paytaxtını tərk edib və 525 millik marşrutla (840 km-dən çox) Qırmızı dənizə doğru gedir. Bu, ABŞ-ın ilk cəhdidir. Birləşmiş Ştatlar öz vətəndaşlarını ölkədən evakuasiya etməlidir”, - məlumatda bildirilir.

Qeyd olunur ki, ABŞ ordusu marşrut boyu pilotsuz uçuş aparatlarından istifadə etməklə potensial təhlükələri izləyir.

Öz növbəsində, “Al Jazeera” Britaniyanın hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Britaniya vətəndaşlarının təxliyəsi “evakuasiya təyyarələrində oturacaqlara tələbatın azalması səbəbindən” şənbə günü başa çatacaq. Vurğulanır ki, aprelin 25-dən Böyük Britaniya ümumilikdə 1 573 nəfəri qəbul edib.