Erməni deputat: "Sülh sazişinin mətni üzərində danışıqlar gedir"



 16:39 03.05.2023     438

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar gedir”.

Demedia.az “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Sarqis Xandanyan deyib.

O bildirib ki, danışıqlar tamamlanana qədər nəticələr barədə danışmaq tezdir.

Deputatın sözlərinə görə, Ermənistanın vəzifəsi regionda hərtərəfli sülhə və Azərbaycanla münasibətləri tənzimləməyə nail olmaqdır: “Bu məsələlər danışıqlar masası arxasında həllini tapmalıdır. Aydınlaşdırmaya ehtiyacı olan hüquqi ifadələr var. Sənəd siyasi müzakirələrin nəticəsidir. Sülh sazişinin etibarlı olması üçün buna təminat verən mexanizmlər lazımdır”.

S.Xandanyan söyləyib ki, bu mexanizmlərin yaradılması beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə bağlıdır.

Qeyd edək ki, mayın 1-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.

Daha sonra Azərbaycan və Ermənistan XİN başçıları arasında ikitərəfli danışıqlar olub. Nazirlər müzakirələri mayın 2-də də davam etdiriblər. 

C.Bayramov və A.Mirzoyan hələ də Birləşmiş Ştatlardadılar. Nazirlərin danışıqlarının bir neçə gün davam edəcəyi gözlənilir.

XİN başçıları Bakı-İrəvan münasibətlərinin normallaşmasını və sülh sazişinin layihəsini müzakirə edirlər.//Report.az