Ərdoğan seçkilərdə qalib gələcəyinə əmindir



 14:23 06.05.2023     401

“Mayın 14-də keçiriləcək tariximizin ən vacib seçkisində Allahın köməyi ilə yenə qələbə qazanacağıq”.

Demedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

O bildirib ki, seçkilərin nəticələrinə əsasən gənclər, yaşlılar, qadınlar və kişilər daxil olmaqla, 85 milyonluq xalqın hər biri qələbə qazanacaq: “Şərq, qərb, şimal və cənubda yerləşən 81 vilayətimizin hər biri qalib gələcək. Cəmiyyətimizin bütün təbəqələri qələbə qazanacaq. Fərqli inanclara sahib bütün vətəndaşlarımız qələbə qazanacaq. “Daha ədalətli bir dünya mümkündür” şüarımızı eşidən Asiya və Afrikadakı yüz milyonlarla insan qələbə qazanacaq. Ay-ulduzlu al bayrağımızı görəndə hüzur tapan, özünü inamlı hiss edən soydaşlarımız qalib olacaq. Ölkəmiz və dünyanın dörd bir tərəfində Türkiyənin uğuru üçün dua edənlər qələbə qazanacaq”.

Onun sözlərinə görə, seçkilər nəticəsində Türkiyə, həmçinin bu regionda haqqı tapdalananlar qələbə qazanacaq: “14 may, Allahın köməyi ilə, hər birimizin bayramı, qürur günü, Türkiyə demokratiyasının bayramı olacaq. Heç kəs pessimist olmasın. Heç kəs ölkəmizin parlaq gələcəyi ilə bağlı inamını itirməsin”.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”da Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.