Məhərrəm İncə namizədliyini geri götürdü
Türkiyədə Məmləkət Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Məhərrəm İncə namizədliyini geri götürüb.
Demedia.az-ın xəbərinə görə, bu barədə "TRT Haber" məlumat yayıb.
M.İncənin adı 14 may seçkisinin bülletenlərində yer alacaq, lakin ona verilən səslər sayılmayacaq. Rəy sorğularından birinin nəticəsinə əsasən, ona respondentlərin 2 faizi səs verəcəyini bildirmişdi.
M.İncənin namizədliyini geri götürməsindən sonra Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində mübarizə aparacaq namizədlərin sayı 3-ə düşüb.
Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezidentlə yanaşı parlament seçkiləri də keçiriləcək.//Report.az