Obalıya sui-qəsddə İran "ləpirləri": Hücumun pərdəarxasında hansı gizli məqamlar var?
“GünazTV-nin (Güney Azərbaycan TV) rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz Birləşmiş Ştatların Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hücumu edənlərin kimliyi müəyyən edilməsə də, polisin araşdırmaları nəticəsində hücumu təşkil edənlər haqqında yaxın zamanda icitmaiyyətə məlumat veriləcəkdir. Ümumilikdə bu hadisə bizi dərindən kədərləndirdi”.
Demedia.az xəbər verir ki, bu fikirləri Metbuat.az-a açıqlamasında güney azərbaycanlı araşdırmaçı jurnalist Elyar Kamrani deyib. Ekspert Əhməd Obalı və oğluna qarşı planlaşdırılan sui-qəsd planını qınayaraq ifadə etdi ki, baş verənlər ilk baxışdan sadə hadisə kimi görünə bilər, lakin məsələnin pərdəarxası məqamlarının olduğu aydındır.
Elyar Kamrani
“Əhməd bəy ömrünü güney Azərbaycanın boğulmuş səsini dünyaya çatdırmağa həsr edib. Onun şəxsi həyatından əvvəl siyasi fəaliyyəti gəlir. Sui-qəsd faktı ilə bağlı kimdən soruşsaq, hadisənin siyasi hücum olduğunu deyəcəkdir. Əhməd Obalının siyasi mübarizəsi və fəaliyyət istiqamətləri İran İslam Cümhuriyyətini və panfarsist dairələri narahat edib, onları təşvişə salmışdır. Biz ötən keçmiş zamanda da belə hadisələrin olduğunu bilirik. Milli fəallarımızdan bir neçəsi erməni “Daşnaksütyun” partiyasından olanlar tərəfindən də bıçaqlanıb, təhqir və təhdidlərə məruz qalıblar. Ümumiyyətlə, Əhməd Obalı və güney Azərbaycan milli dövlətçiliyini təbliğ edən digər milli fəallara qarşı hazırlanan xain planların arxasında ya molla rejiminin ünsürləri ya da onlarla əlbir olan erməni silahlı dəstələrinin üzvləri olub”.
Ekspert hesab edir ki, milli fəallara qarşı hücumların arxasında keçmiş diktator şahın oğlu və tərəfdarları da var.
“Ehtimallardan biri də hadisənin İranın hakimiyyətdən devrilmiş sonuncu şahı Məhəmməd Rza Pəhləvinin sifarişi ilə baş tutmasıdır. Bu versiyanı gücləndirən bir sıra faktlar var. Çünki, İranın xaricində, həmçinin ABŞ-da Rza Pəhləvini dəstəkləyən şah tərəfdarları kifayət qədərdir. Bu hadisə hümanizm prinsiplərindən çox uzaqdır. Arzu edirəm ki, Əhməd bəy və oğlu tezliklə sağalıb, yenidən cəmiyyətə qayıdaraq, fəaliyyətlərini davam etdirsinlər”.
Hadisəyə münasibət bildirən Güney Azərbaycandan olan politoloq, İran və Qafqaz üzrə siyasi mütəxəssis Kərim Əsgəri hesab edir ki, Əhməd Obalıya qarşı törədilən sui-qəsd faktında Amerikada olan paniranistlərin çox ciddi rolu var. Metbuat.az-a açıqlamasında politoloq qeyd etdi ki, bu kimi hadisələr Kaliforniya ştatında tez-tez baş verir.
Kərim Əsgəri
“Bir neçə ay əvvəl də Güney Azərbaycanın Urmiya şəhərindən olan iki xanıma qarşı oxşar hücumlar edilmişdi. Ola bilər ki, bu sui-qəsd erməni terror təşkilatlarının da panfarslarla işbirliyi nəticəsində hazırlanıb. Əhməd bəyin hər zaman siyasi formada aktiv fəaliyyəti olmuşdu. Hörmətli Obalı rəhbəri olduğu “GünazTV”də həm Şimali Azərbaycanımızın vəziyyəti, həm Güney Azərbaycan, həm də bütövlükdə Türk dünyası ilə bağlı ciddi məsələlərin işıqlandırılması istiqamətində böyük işlər görüb. Bu hadisənin Azərbaycan və türk dünyasını sevməyənlərin tərəfindən törədildiyi də aşkardır. Bu gün Əhməd bəyə və ailəsinə edilənlər hamımıza - bütöv Azərbaycana edilən hücumdur”.
Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, “Günaz TV” təsis edildiyi ilk gündən İranın Azərbaycan əleyhinə dövlət təbliğatına, “Səhər” televiziya kanalının davamlı təxribatlarına qarşı mübarizə aparıb.
Elxan Şahinoğlu
“Bu mübarizə Tehranı hər zaman rahatsız edib. Əgər Əhməd bəyə qarşı təxribatın Tehranın əlaltılarının işi olduğu sübut olunarsa, demək İran “şeytan” adlandırdığı əsas düşməni ABŞ ərazisində də hədəf seçdiyi insanları təqib edə bilir. Amerikada şah tərəfdarları da fəaldırlar, onlar sözdə İrandakı rejimə qarşı mübarizə apadıqlarını bəyan etsələr də, Azərbaycan məsələsində mövqeləri üst-üstə düşür, onlardan da təxribat gözləmək mümkündür”.
Politoloq Turan Rzayev də, nəticənin necə olmasından asılı olmayaraq Əhməd Obalıya qarşı hücumun pərdəarxasında İran dayandığını qənaətindədir. O hesab edir ki, Obalı və oğluna hücum deputat Fazil Mustafaya hücumu da gündəmə gətirib.
Turan Rzayev
“Bu hadisənin də pərdarxasında İranın olduğuna dair ciddi şübhələr vardı və bu gün də qalmaqdadır. İran bir il ərzində iki nüfuzlu azərbaycanlıya qarşı hücum aktı gerçəkləşdirir. Faktiki olaraq Fazil Mustafanın timsalında Şimali Azərbaycana, Əhməd Obalının timsalında isə Güney Azərbaycana sanki mesaj verilir. Bu həm də İranın içində olduğu qorxunun, təlaşın və təşvişin göstəricisidir. Azərbaycanlı və ya Azərbaycan əsilli şəxslərə qarşı silsilə hücumları həyata keçirən Tehran bu yolla həm psixoloji üstünlüyü ələ almaq, həm də xalqın milli şüurunun oyanmasının qarşısını almaq istəyir”.