İsveçrədə Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü qeyd edildi



 10:43 27.05.2023     301

İsveçrənin paytaxtı Berndə Azərbaycanın Müstəqillik Günü qeyd olunub.

Demedia.az xəbər verir ki, tədbirdə İsveçrə hökumətinin nümayəndələri, diplomatik korpusun rəhbərləri, İsveçrədə fəaliyyət göstərən Azərbaycan diasporunun fəalları və yerli ictimai xadimlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan, İsveçrə və Lixtenşteyn Knyazlığının dövlət himnləri səsləndirilib.

Tədbirdə qonaq qismində iştirak edən və İsveçrədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxışında 1993-cü ildən başlayaraq çətin, eyni zamanda şərəfli və bütün çətinliklərə baxmayaraq, azərbaycanlıları qalib xalqa çevirən dövlətimizin tarixi inkişaf yoluna nəzər salıb.

Nazir, bu ilin may ayında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə və onun hüdudlarından kənarda da geniş qeyd edildiyini bildirib. Eyni zamanda, müstəqilliyin bərpa olunması dövründə dövlət və xalqımızın üzləşdiyi çağırışları xatırladaraq, əldə etdiyi nailiyyətləri nümunə göstərib və bu işdə Ulu Öndərin müstəsna rolunu diqqətə çatdırıb.

Azərbaycanın İsveçrədəki səfir Fuad İsgəndərov iki ölkə arasındakı qarşılıqlı əlaqələrdən və bu münasibətlərin inkişafı perspektivləri, habelə ölkəmizin Avropa regionu üçün enerji təhlükəsizliyin təminatında artmaqda olan rolundan danışıb.

Tədbirin bədii hissəsi Azərbaycan milli rəqsləri ilə davam etdirilib.