Koronavirusun laboratoriyadan sızmasına sübut



 11:50 21.05.2021     638

SARS-CoV-2 koronavirusunun Çin tədqiqat laboratoriyasından sızmasına dair dəlillər var.

FOX News kanalının veb səhifəsi xəbər verir ki, bununla bağlı ABŞ Nümayəndələr Palatası komitəsində respublikaçılar hesabat yayıb.

Komitədən verilən məlumata görə, Çin laboratoriyalarından infeksiyaların sızması və təhlükəsizlik protokollarına riayət etmədən Uhanda koronavirusla bağlı təhlükəli tədqiqatların aparıldığına dair amerikalı diplomatların xəbərdarlıqları var. Bu mesajlar 2017-ci ilə aiddir.

Bildirilir ki, Çin ordusu da Uhandakı instituta cəlb edilib.

Respublikaçılar həmçinin Çin tərəfinin əməkdaşlıq etmək istəməməsinə də işarə ediblər - Pekin koronavirusun əsl mənbəyini müəyyənləşdirmək üçün beynəlxalq səylərə qarşı çıxıb.

Xatırladaq ki, ötən aylarda bir qrup beynəlxalq səviyyəli alim SARS-CoV-2 koronavirus pandemiyasının başlamasının iki ağlabatan versiyasının olduğunu etiraf edib. Buna əsasən virus zoonoz və ya laboratoriyadan virus sızıntısı nəticəsində yarana bilər.

Mart ayının sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyini öyrənmək üçün Çinin Uhan şəhərinə səfərindən sonra hesabat yayımlayıb. Hesabatda deyilir ki, böyük ehtimalla pandemiya  laboratoriya sızıntısının nəticəsi deyil.