Rusiya ordusu Zaporojye AES-i tərk edir
Rusiya ordusu tədricən Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk edir.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, obyekti idarə edən “Rosatom” şirkətinin 3 əməkdaşı artıq ərazidən çıxıb: ““Rosatom”la müqavilə bağlayan ukraynalı işçilərə də təxliyə tövsiyə olunub. Onlar iyulun 5-dək ərazini tərk etməlidirlər”.
Qeyd olunub ki, ərazidə hərbi patrulların da sayı getdikcə azalır: “Stansiyadakı heyətə tapşırılıb ki, istənilən fövqəladə hadisə ilə bağlı Ukrayna tərəfi günahlandırılsın”.
Xatırladaq ki, Rusiya Zaporojye AES-i 2022-ci il martın 4-də işğal edib. Bu il iyunun 22-də Ukrayna Prezidenti Volodimir Zelenski qeyd etmişdi ki, qarşı tərəf sözügedən obyektdə terror aktı törətməyə hazırlaşır.