Türkiyə bu ölkəni də PUA ilə təmin edəcək



 17:15 18.07.2023     318

"Baykar" Səudiyyə Ərəbistanı silahlı qüvvələrini pilotsuz uçuş aparatları ilə təmin edəcək.

Demedia.az xəbər verir ki, Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalçısı "Baykar", Səudiyyə Ərəbistanı ilə hücum dronlarının tədarükü və əməkdaşlıq haqqında müqavilə imzaladığını təsdiqləyib.

“Biz daha bir mühüm ixrac və əməkdaşlıq sazişini uğurla bağladıq. “Baykar” şirkəti ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında “Akıncı” zərbə PUA-ları üçün ixrac müqaviləsi imzaladıq. "Akıncı" Səudiyyə Ərəbistanı Krallığının Hərbi Hava Qüvvələrində və Hərbi Dəniz Qüvvələrində xidmət edəcək”, – şirkət çərşənbə axşamı "Twitter" səhifəsində məlumat paylaşıb.

Şirkətin baş direktoru Haluk Bayraktar da öz növbəsində Ər-Riyadla imzalanan müqavilənin Türkiyə Cümhuriyyəti tarixində təyyarə istehsalı və müdafiə sahəsində ən böyük ixrac müqaviləsi olduğuna diqqət çəkib.

Səudiyyə mətbuatı daha əvvəl xəbər vermişdi ki, krallıq və Türkiyə arasında enerji, investisiya və müdafiə sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan bir sıra saziş və anlaşma memorandumları imzalanıb. Sənədlərin imzalanması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fars körfəzi ölkələrinə turu çərçivəsində Səudiyyə Ərəbistanına səfəri zamanı baş tutub.