Baş Qərargah: “Ukrayna ordusu ölkənin cənub-şərq istiqamətində uğurlar qazanıb”
“Ukrayna ordusu ölkənin cənub-şərq istiqamətində uğurlar qazanıb. Eyni zamanda Baxmut istiqamətində hücum davam edir”.
Demedia.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi Andrey Kovalyov bildirib.
Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri Baxmut, Melitopol və Berdaynsk istiqamətində hücum əməliyyatlarını davam etdirirlər:
“Həmçinin, Ukrayna qoşunları Bolşaya Novoselka - Staromayorskoe və Novoselka - Staromayorskoe ərazilərində uğur qazanıblar. Onlar azad edilmiş bölgələrdə mövqelərini möhkəmləndiriblər. Müəyyən edilmiş düşmən hədəflərinə artilleriya zərbələri endirir və əks-hücum döyüş tədbirləri həyata keçirirlər”.
A.Kovalyov vurğulayıb ki, Ukrayna qoşunları Baxmut şəhərinin şimalında və cənubunda hücum əməliyyatlarını davam etdirir: “Döyüş əməliyyatları zamanı Rusiya işğalçıları Orexovo-Vasilovkanın şimal-şərqindəki mövqelərindən geri çəkilməyə məcbur oldular”.
Onun sözlərinə görə, Ukrayna əsgərləri qismən uğur qazanır, əldə olunan xətlərdə möhkəmlənirlər: “Düşmən güclü müqavimət göstərir, ehtiyatlardan fəal istifadə edir və böyük itkilər verir. Şiddətli döyüşlər davam edir”.
Məlumata görə, bu gün səhər saatlarında Rusiya kamikadze dronlarla Jitomir vilayətinə hücum edib. İlkin məlumata görə, hücum nəticəsində infrastruktur obyektinə, şəxsi təsərrüfatlara ziyan dəyib.
Zərərçəkənlərin olması barədə hələlik informasiya yoxdur.