CAR Rusiyanı "Taxıl sazişi"ni bərpa etməyə çağırıb
Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa rusiyalı həmkarı Vladimir Putini “Taxıl sazişi”ni bərpa etməyə çağırıb.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterburqda "Rusiya - Afrika" ikinci sammiti çərçivəsində deyib.
S.Ramafosa bildirib ki, Afrikanın taxıl tədarükünə daha çox ehtiyacı var.
O əlavə edib ki, CAR “Taxıl sazişi”nin bərpa olunmasını, Qara dənizin dünya bazarlarına açıq olmasını istəyir: “Afrikanın məqsədi buna nail olmaqdır”.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nə yenidən başlamağa çağırıb. Onun müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya tərəfinin təşəbbüsü ilə fəaliyyətini dayandıran “Taxıl sazişi” ilə bağlı Rusiya Prezidenti ilə danışmaq niyyətində olduğunu bəyan edib. Türkiyə, öz növbəsində, sazişin ən qısa zamanda bərpasını gözləyir.
Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) "Taxıl sazişi"ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.