Ukrayna 25 milyard dollardan çox beynəlxalq maliyyə yardımı alıb
2023-cü ilin əvvəlindən Ukrayna beynəlxalq tərəfdaşlardan 25 milyard dollardan çox maliyyə yardımı alıb.
Demedia.az xəbər verir ki, bu barədə Ali Radanın büdcə komitəsinin rəhbəri Roksolana Pidlasa teleqramda bildirib.
"İlin əvvəlindən beynəlxalq büdcə yardımı 25,3 milyard dollar təşkil edib", - komitə rəhbəri deyib.
Pidlasanın sözlərinə görə, 2023-cü ilin ilk altı ayında xarici resurslar dövlət büdcəsinin ümumi fonduna daxil olan bütün gəlirlərin 49,1%-ni təşkil edib.
O əlavə edib ki, Ukraynaya yardımın ən böyük donoru Avropa İttifaqıdır və bu il artıq Kiyevə 11,43 milyard dollar güzəştli kredit ayırıb.
2023-cü ilin əvvəlindən Ukrayna büdcəsinə Beynəlxalq Valyuta Fondundan 3,59 milyard dollar, Kanadadan isə 1,76 milyard dollar daxil olub.
Ali Radanın Maliyyə Komitəsinin məlumatına görə, 2023-cü ilin büdcəsində dövlət borcunun maksimum məbləğinin 172,7 milyard dollara qədər artırılması nəzərdə tutulub ki, bu da növbəti il üçün ÜDM-in proqnozlaşdırılan səviyyəsinin 102,3%-ni təşkil edir. Ukraynanın 2023-cü il dövlət büdcəsində 38 milyard dollar kəsir nəzərdə tutulub.