Nigerdə ​​Fransa əleyhinə etiraz aksiyası keçirilib



 11:58 31.07.2023     285

Nigerdə ​​minlərlə insan Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) qarşı keçirilən aksiyada iştirak edib.

Demedia.az xəbər verir ki, bu barədə “Air Info” nəşri məlumat yayıb.

Qeyd olunub ki, nümayişçilər Fransanın Nigerdəki səfirliyi qarşısında toplaşıb. Etirazçılar Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi əleyhinə şüarlar səsləndiriblər. Onların bəziləri Rusiya bayraqlarını dalğalandırıb.

Qeyd edək ki, iyulun 26-da Nigerdə hərbçilər çevriliş edib. Onlar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb. Onun sağ-salamat olduğu vurğulanır. M.Bazum 2021-ci ildə prezident seçilib, Fransa hakimiyyətinin yaxın müttəfiqi sayılır.