Səudiyyə Ərəbistanı vətəndaşlarını təcili Livanı tərk etməyə çağırıb



 14:59 05.08.2023     292

Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi Fələstin qaçqınlarının Ayn əl-Hilve düşərgəsində baş verən silahlı toqquşmalara görə vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Demedia.az xəbər verir ki, bununla bağlı diplomatik missiyanın tviter səhifəsində bildirilir.

Səfirlik silahlı münaqişələrin müşahidə olunduğu ərazilərdə olma təhlükəsi barədə xəbərdarlıq edir, həmçinin vətəndaşları Livan ərazisini dərhal tərk etməyə çağırır.

Bundan əlavə, səfirlik Səudiyyə vətəndaşlarına Livana səyahət qadağasına hörmət etməyin vacibliyini xatırladıb.

Avqustun 2-də “Cund əş-Şam” silahlıları əvvəllər əldə edilmiş atəşkəs razılaşmasını pozaraq Fələstinin “Fəth” hərəkatının bölmələrinin mövqelərini atəşə tutublar. İyulun 30-da "Fəth hərbi" komandiri Əbu Əşrəf əl-Armuşinin öldürülməsindən sonra düşərgədə güclü atışma baş verib. Tibbi mənbələrin məlumatına görə, Ayn əl-Hilvedə dörd gündür baş verən küçə atışmalarında 13 nəfər ölüb, 60 nəfər yaralanıb. 2 mindən çox sakin evlərini tərk edərək düşərgənin yaxınlığında yerləşən Səidə şəhərinin təhlükəsiz ərazilərinə köçmək məcburiyyətində qalıb.