Polşa ilk dəfə olaraq “Patriot”dan istifadə etməklə hərbi təlimlər keçirir
Polşa ilk dəfə olaraq inteqrasiya edilmiş IBCS döyüş idarəetmə sistemi ilə MIM-104 “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə edərək təlimlər keçirir.
Demedia.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşçak PAP agentliyinə bildirib.
“32-ci Taktiki Hava Bazasında “Patriot” batareyalarından istifadə etməklə və ilk dəfə olaraq IBCS sistemi ilə SOCHACZEW23 təlimi keçirilir. Təlim çoxqatlı hava və raketdən müdafiənin ən yüksək səviyyəli bütün elementlərinin inteqrasiyası ilə bağlıdır”, - o deyib.
Polşa 2015-ci ilin aprel ayında “Wisla” orta mənzilli hava hücumundan müdafiə proqramının əsası olaraq “Patriot” sistemini seçib.
Təklif olunan iki mərhələdən birincisi üzrə hökumətlərarası müqavilə 2018-ci ildə imzalanıb. Müqavilə 4,75 milyard dollar dəyərində qiymətləndirilir və iki “Patriot” batareyasının (16 buraxılış qurğusu) tədarükünü nəzərdə tutur.