İran ABŞ-dən təzminat tələb etdi
Tehran məhkəməsi 1980-ci ildə yeni qurulmuş İran İslam Respublikasına qarşı çevriliş planlaşdırdığına görə Amerika Birləşmiş Ştatlarından 330 milyon dollarlıq təzminat tələb edib.
Demedia.az xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi İRNA məlumat yayıb.
Təzminat işi ötən il çevriliş qurbanlarının ABŞ hakimiyyət orqanlarına qarşı məhkəməyə verdiyi şikayət əsasında açılıb.
Məhkəmə ABŞ hökumətini iddiaçılara maddi və mənəvi ziyan vurmaqda təqsirli bilib və ona 30 milyon dollar təzminat ödəməyə qərar verib. Bundan əlavə, məhkəmə 300 milyon dollar məbləğində cəza sanksiyaları tətbiq edib.
Bildirilir ki, 1980-ci ildə İranda hərbçilərin iştirakı ilə dövlət çevrilişinə cəhd, Ayətullah Xomeyninin iqamətgahına hava zərbəsi endirmək və daha sonra İranın qalan hissəsini ələ keçirmək planlaşdırılıb. Sui-qəsdçilər Qərbi Həmədan əyalətindəki Şəhid Nozhe aviabazasında ifşa edilib. Lakin ABŞ çevriliş cəhdində iştirakını heç vaxt təsdiqləməyib.