“Bakı Qarabağda separatçı liderlərin bir çoxunu saxlamağa nail olub” - Politoloq
“Azərbaycan Qarabağda hərbi cinayətlər törədən separatçı liderlərin əksəriyyətini saxlamağa nail olub”.
Bunu rusiyalı politoloq, jurnalist və ictimai xadim Maksim Şevçenko deyib.
“Azərbaycan Qarabağda separatçıları həbs etməyə nail olub: “Royal-fleş” üçün sadəcə Sarqsyan və Koçaryan çatışmır”.
O qeyd edib ki, İkinci Dünya müharibəsindən bəri bu sayda hərbi cinayətkar eyni vaxtda saxlanılıb, cinayət məsuliyyətinə cəlb olunmayıb: “Rusiya təbliğatı bu məsələdə Nikol Paşinyanı günahlandırır, amma adi oxucu sual verir: Rusiya “Artsax layihəsi” üçün Azərbaycanla müharibə aparmalı idimi?”
Xatırladaq ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Ruben Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində DSX əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.
Oktyabrın 3-də “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.
Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə DTX tərəfindən saxlanılaraq Bakıya gətirilib.//Report.az