Estoniya Rusiya ilə sərhədi bağlaya bilər
Estoniya miqrantlarla bağlı vəziyyətə görə Rusiya ilə sərhədi bağlamağa hazırdır.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, Estoniya XİN başçısı Marqus Tsakna ölkəsinin bununla bağlı mövqeyini NATO nazirlərinin iclası çərçivəsində Şimali Avropa və Baltikyanı ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə açıqlayıb.
Nazir Rusiya və Finlandiya sərhədindəki vəziyyətlə bağlı məsələ qaldırıb və baş verənləri narahatlıq və qeyri-sabitlik yaratmaq məqsədi daşıyan Rusiyanın açıq hibrid hücumu kimi qiymətləndirib.
“Tsakna vurğulayıb ki, Estoniya Rusiya ilə sərhədi bağlamağa və özünü istənilən hibrid hücumlardan qorumağa hazırdır. Estoniya və digər ölkələrin nazirləri Finlandiya ilə həmrəy olduqlarını bildiriblər və lazım gələrsə, ona kömək etməyə hazır olduqlarını bəyan ediblər”, - Estoniya XİN-in məlumatında qeyd olunub.