Almaniya nəşrindən iddia: Ukrayna 2024-cü ildə yeni əks-hücuma hazırlaşır?



 11:58 17.12.2023     187

Almaniyanın "Welt" nəşri Ukrayna Silahlı Qüvvələrinin 2024-cü ildə yeni əks-hücuma hazırlaşması ilə bağlı versiyanı təqdim edən material dərc edib.

Materialda təhlükəsizlik eksperti və siyasi məsələlər üzrə məsləhətçi Niko Lanqenin fikirləri yer alıb.

Lanqenin fikrincə, Ukrayna, ehtimal ki, indi yeni əks-hücum üçün resurslar toplayır.

Yazıda bu versiyaya sübut kimi Ukraynanın ABŞ-yə verdiyi siyahıda tələb olunan silahların adları sadalanıb. Belə ki, siyahıya "Black Hawk" və "Apache" helikopterləri, "F-16" və "F-18" təyyarələri, raket sistemləri, "Abrams" tankları, pilotsuz uçuş aparatları daxil edilib.

"Ukraynanın bu sifarişi manevr müharibəsinə keçid edilməsi ilə bağlı yeni cəhddən xəbər verir", - deyə Lanqe bildirib.
Onun sözlərinə görə, ola bilər ki, yayda Ukraynanın əks-hücumları zamanı reallaşdırılmayan müxtəlif döyüş sistemlərinin kombinasiyalarından da istifadə nəzərdə tutulsun.

"Welt" qeyd edib ki, Dnepr çayının sol sahili yeni əks-hücum üçün başlanğıc nöqtəsi ola bilər.

Nəşr, həmçinin iddia edib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bu ilin iyununda başlayan əks-hücumun tərəfdarı olmayıb, sürətli irəliləyiş əldə edilmədiyi üçün strategiyanın dəyişdirilməsi ən ağlabatan variant hesab edilib və bu da lazımi vaxt qazanmağa imkan verib.

Eyni zamanda "The Washington Post" Ukrayna baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişinaya istinadən yazıb ki, Pentaqondan sızan bəzi xəbərlər Kiyevə əks-hücum əməliyyatını təxirə salmağa kömək edib. Bu əks-hücum əməliyyatının reallaşdırılması isə ölkənin böyük həcmli silah tədarükünü gözləməsi səbəbindən təxirə salınıb.(oxu.az)