Son dəqiqə: ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 satışını təsdiqlədi



 12:00 27.01.2024     303

ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının satışı ilə bağlı Konqresə rəsmi bildiriş verib.

Demedia.az xəbər verir ki, ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən yazılı açıqlamada ABŞ Dövlət Departamentinin Türkiyəyə 40 ədəd F-16 Block 70 döyüş təyyarəsi və 79 ədəd F-16 modernləşdirmə dəstinin satışını təsdiqləyən rəsmi bildirişi Konqresə göndərdiyi bildirilib.

Silah satışının baş tutması üçün Konqres ABŞ administrasiyasının təqdim etdiyi satış bildirişinə etiraz etməməlidir.

Bundan əlavə, xarici ölkələrə silah satışına nəzarət etmək vəzifəsi olan Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Cardin F-16-ların Türkiyəyə satışını təsdiqləyəcəyini açıqlayıb.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Michael McCaul da İsveçin NATO üzvlüyünün Ankara tərəfindən təsdiqlənməsindən məmnun olduğunu və qırıcıların satışını təsdiqləyəcəklərini bildirib.

ABŞ Konqresinin satışı qiymətləndirmək üçün 15 günlük qanuni müddəti var və bu müddət ərzində etiraz olmasa, satış rəsmi olaraq həyata keçirilir.

Müvafiq qanuna əsasən, sözügedən müddət NATO-ya üzv ölkələr üçün 15 gün, NATO-ya daxil olmayan ölkələr üçün isə 30 gündür.