Macarıstan XİN rəhbəri ABŞ-ın ölkəsinə qarşı təhdidlərinə münasibət bildirib
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ABŞ hakimiyyətinin viza rejimini sərtləşdirmək və Macarıstan vətəndaşlarına qarşı sanksiyalar tətbiq etməklə hədələməsindən məyus olduğunu, lakin təəccüblənmədiyini bildirib.
Bu barədə Demedia.az “TASS”a istinadən xəbər verir.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardinin bu məsələ ilə bağlı bəyanatını jurnalistlərin xahişi ilə şərh edən macarıstanlı diplomat deyib:
“Amerikada siyasi həyatda iştirak edən və iki ölkə arasında münasibətlərin pozulmasında maraqlı olan çoxlu sayda insan olduğunu nəzərə alsaq, bu, təəccüblü deyil. Əksinə, biz Macarıstanla ABŞ arasında münasibətlərin normallaşmasında maraqlıyıq və istəyirik ki, onlar bir neçə il əvvəl olduğu kimi yenidən yaxşı olsunlar.
Biz daim Macarıstan-Amerika münasibətlərini yaxşılaşdırmaq üçün çalışırıq və əməkdaşlığımızın mümkün qədər müsbət məcrada inkişaf etməsini istərdik. Amma görünən odur ki, Amerikanın siyasi həyatında bir çox insanlar bu münasibətlərin pis olmasında maraqlıdır”.