Diplomat: “Gürcüstanda hakimiyyət dəyişikliyi Cənubi Qafqazdakı siyasətə təsir etməyəcək”
Gürcüstan hökumətindəki dəyişikliklər heç bir şəkildə Gürcüstan əhalisinə, o cümlədən Cənubi Qafqaz regionuna təsir etməyəcək.
Bu barədə Demedia.az-a Gürcüstanın Çin, Monqolustan və Vyetnamdakı keçmiş səfiri Mamuka Qamkrelidze bildirib.
“Əvvəla, onu qeyd etmək lazımdır ki, daha əvvəl siyasətə qayıtdığını elan edən Bidzina İvanişvili ondan heç vaxt ayrılmayıb. O, birbaşa hakimiyyətdə olmadan həmişə partiyaya və müvafiq olaraq hökumətə rəhbərlik edib. Ona görə də bu dəyişikliklər yalnız partiyanın daxili işi hesab edilə bilər”, - M.Qamkrelidze vurğulayıb.
Diplomatın sözlərinə görə, ümumilikdə hökumətin siyasəti olduğu kimi qalacaq, eynisini hakim partiya üçün də demək olar: “Çox güman ki, son dəyişikliklərin səbəbi partiya daxilində klanların güclənməsi və qarşıdurmasının başlaması olub ki, bu da son nəticədə onun şəxsi hakimiyyətinin zəifləməsinə gətirib çıxara bilər. B.İvanişvili gürcü seçicilərə "ev sahibi"nin kim olduğunu göstərib. B.İvanişvili nümayiş etdirib ki, gürcü seçici Baş nazirə və ya başqasına deyil, şəxsən ona səs verəcək”.
Öz növbəsində, Tbilisi Azad Universitetinin biznes məktəbinin dekanı Qiqa Bedineişvili qeyd edib ki, baş nazirin şəxsiyyəti ikinci dərəcəli əhəmiyyət kəsb edir, çünki bütün strateji məsələləri tək B.İvanişvili həll edir: "Onun siyasətə qayıtmasına gəlincə, bu, həm də akademik sualdır. Əslində, heç vaxt siyasətdən ayrılmayıb. B.İvanişvilinin formal olaraq “qayıtması” çox şey dəyişdirmir".