NATO-nun Baş katibi: ABŞ Ukrayna üçün vəd etdiklərini yerinə yetirməlidir
ABŞ-nin Ukrayna üçün yardım paketinə qərar verməsi həyati əhəmiyyət daşıyır, çünki Ukraynanın bu dəstəyə ehtiyacı var. ABŞ vəd etdiklərini yerinə yetirməlidir.
Demedia.az xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının panel müzakirəsində NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O, Ukraynadakı müharibədən ciddi dərs aldıqlarını vurğulayıb:
"İndi biz yardım üçün istehsalı necə idarə edəcəyimizə çox diqqət yetiririk. Bəzi xəbərlər var ki, yeni fabrik açılır, istehsal artıb, amma təcili olaraq daha çox iş görmək lazımdır. Düşünürəm ki, hamımız Ukraynadakı müharibədən NATO üçün də ciddi dərslər alırıq".
Y.Stoltenberq müdafiə xərclərindən də söz açaraq bildirib ki, Avropa alyansının görülməli daha çox işi var:
"Biz Ukraynaya dəstək məsələsinə baxırıq. Avropa alyansı və Kanada Ukraynaya ABŞ-dən daha çox dəstək göstərib. Təbii ki, ABŞ Ukraynaya daim hərbi dəstək verib. Amma indi problem ABŞ Konqresində konkret qərarın olmamasıdır. Bu, Ukraynada cəbhə xəttinə birbaşa təsir göstərir. Bu, təkcə düzgün qərar verməklə yox, həm də düzgün qərarı mümkün qədər tez qəbul etməklə bağlıdır. Qərar təcili verilməlidir. Gözləmək o deməkdir ki, Ukraynada cəbhə xəttində daha çox insan həlak olacaq. ABŞ Konqresinə qərarların necə qəbul edilməsi ilə bağlı məsləhət vermək mənim işim deyil. Ancaq deyə bilərəm ki, ABŞ-nin Ukrayna üçün paketə qərar verməsi həyati və təcilidir, çünki onların bu dəstəyə ehtiyacı var. ABŞ vəd etdiklərini yerinə yetirməlidir".