İtaliya saytı Xocalı soyqırımından yazıb



 21:30 25.02.2024     330

İtaliyanın "Kmetro0" saytı Xocalı soyqırımı haqqında məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, yazıda fevralın 26-da Azərbaycanın Xocalı şəhərində 32 il əvvəl törədilmiş qətliamın ildönümünün qeyd olunacağı bildirilir. Xocalı qətliamının Qarabağ müharibəsində ən ağır hərbi cinayət və müasir Avropa tarixində ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edilir. Vurğulanır ki, həmin gecə 613 mülki azərbaycanlı, o cümlədən 200-dən çox qadın və uşaq amansızlıqla qətlə yetirilib. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğal edib etnik təmizləmə aparmasından sonra 1 milyona yaxın azərbaycanlı məcburi köçkün kimi yaşamağa məcbur olub.

Yazıda Xocalı dəhşətinin canlı şahidi Dürdanə Ağayevanın fikirlərinə də yer verilib. O, öz hekayəsini, həmin gecə və daha sonra əsir düşdüyü vaxt yaşadıqlarını danışıb. Erməni əsgərləri tərəfindən işgəncələrə məruz qaldığını, döyüldüyünü və təhqir olunduğunu deyib.
Dürdanə Ağayeva 30 ildən artıqdır ki, sürgün edildiyi doğma şəhəri Xocalıda Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan bayrağını ucaltdığını xatırladıb. O, Qarabağ küləyində dalğalanan bayrağı seyr etməyin möcüzə olduğunu, Xocalının sağ qalan sakinlərinin tezliklə doğma şəhərlərinə qayıdacağını bildirib.