Bu ölkədə prezident və nazirlər maaş almaqdan İMTİNA ETDİ



 22:40 21.03.2024     453

Pakistanın baş naziri Şahbaz Şərif və federal hökumət nazirləri Nazirlər Kabinetinin hökumət xərclərini azaltmağa yönəlmiş qənaət tədbirləri çərçivəsində maaş və müavinətlərdən könüllü olaraq imtina ediblər.

Demedia.az xəbər verir ki, bu barədə “Pakistan Today” qəzeti məlumat yayıb.

Pakistan prezidenti Asif Əli Zərdari də maaşını və müavinətlərini almaqdan imtina edərək, “hökumətdən rəsmi ödənişlərlə milli xəzinəni çox yükləməmək qərarına gəldiyini” deyib.

Hökumət xərclərinə qənaət etmək üçün tədbirlərin görülməsi, Şahbaz Şərifin rəhbərlik etdiyi yeni federal hökumətin ilk addımlarından biri olub.

Nazirlər Kabineti dövlət büdcəsinə qənaət etmək məqsədilə nazirlərin və hökumət nümayəndələrinin xaricə səfərlərini məhdudlaşdırıb, həmçinin onların xaricdə olmaları üçün yeni qaydalar tətbiq edib. Buna əsasən, federal və əyalət nazirləri, onların müşavirləri və köməkçiləri ildə üç dəfədən çox olmamaqla və yalnız milli büdcəyə qənaəti təmin edən hökumət komitəsinin, habelə Xarici İşlər Nazirliyinin icazəsi ilə xaricə getməlidirlər. Xaricə səyahət edərkən onlara beşulduzlu otellərdə qalmaq qadağandır. Pakistanın xaricdəki səfirliklərinə diplomatları beynəlxalq forum və tədbirlərə mümkün qədər geniş şəkildə cəlb etmək tövsiyə olunub.//Publika.az