Rus oliqarxlar şəxsi təyyarələrini Dubayda gizlədirlər
Niderland gömrüyü Rusiya vətəndaşlarına məxsus 20 yaxtanı öz limanlarında saxlayıb.
Demedia.az modern.az-a istinadən xəbər verir ki, Rusiyaya qarşı sanksiyalar aradan qaldırılmayana qədər gəmilər Niderlandı tərk edə bilməyəcək.
Yaxtaların ölçüləri 8,5 ilə 120 metr arasında dəyişir.
Xarici nəşrlərin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri sanksiyalara qoşulmadığı üçün rusiyalı oliqarxlar onlarla şəxsi təyyarələrini bu ölkədəki Dubay şəhərinə gətirməyə başlayıblar.
Londonda yerləşən Freestream Aircraft Ltd aviasiya brokerinin baş icraçı direktoru Əlireza İttihadi deyib ki, bütün ruslar təyyarələrini Dubaya köçürür, çünki Dubay sanksiyalara məruz qalmır.
Aprelin 6-na olan məlumata görə, Dubayda Rusiyadan uçub gələn 30 şəxsi təyyarə var. Onların arasında Roman Abramoviçin, Viktor Raşnikovun, Mixail Qutseriyevin, Arkadi Rotenbergin təyyarələri də var.
Dubayda park edilmiş daha 90-a yaxın təyyarə dünyanın müxtəlif ölkələrində qeydiyyatdadır və onlardan neçəsinin sanksiyaya məruz qalan ruslarla əlaqəsi olduğunu müəyyən etmək mümkün deyil.
BƏƏ-nin ən işlək şəxsi reaktiv terminalı olan Dubayın Əl-Maktum Beynəlxalq Hava Limanında parkinqin qiyməti gündə təxminən 1000 dollara başa gəlir.
Eyni zamanda qeyd olunur ki, təyyarələri Dubaya köçürdükdən sonra da sahibləri onları uçura bilməyəcək. Şəxsi təyyarələr istehsalçısı və əksər sahiblər üçün əsas texniki xidmət mənbəyi olan Boeing, ruslara məxsus və ya onlarla əlaqəli heç bir təyyarəyə xidmət etməyəcəyini bəyan edib.
BƏƏ Rusiyaya qarşı sanksiyalardan yayınıb və Qərb paytaxtlarının tətbiq etdiyi sanksiyaları tətbiq edəcəyini deməyib.