Hərbi ekspert: Ukraynanın F-16-lara ehtiyacı var



 20:01 30.03.2024     453

Ukraynanın Qərbin dəstəyi olmadan müharibə aparması çətindir. Bu ölkənin F-16-lara və bütövlükdə hərbi yardıma ehtiyacı var.

Bu fikirləri  türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.

Ekspert bildirib ki, Ukrayna tərəfinin son açıqlamaları onun bu dəstəyi istədiyini göstərir, çünki ortada bir yorğunluq və tükənmişlik var:

“Keçən il Ukrayna müharibənin son dərəcə mühüm mərhələsindən keçdi. Ukrayna havada üstünlüyü olmadan əks-hücuma cəhd etdi və gözləntiləri özünü doğrultmadı. Bu isə Ukraynada müəyyən yorğunluq yaratdı. Digər tərəfdən Qəzza müharibəsi onların diqqətini yayındırdı. Avropa, Baltikyanı və Mərkəzi Avropada bəzi zəifliklər ortaya çıxdı. Bütün bunlar münaqişəyə təsir göstərdi”.

A.Ağar vurğulayıb ki, indiki mərhələdə Rusiya bütün çətinliklərinə baxmayaraq, daha təşəbbüskar görünür:

“Bu baxımdan Rusiyanın irəliləməsinin qarşısı alınmalı və gücü zəiflədilməlidir. Hazırda Rusiyanın, xüsusilə Odessa və Xarkov vilayətlərində müharibə ilə bağlı geosiyasi gözləntiləri, hesablamaları var. Ona görə də bu il Ukraynanın dəstəyə çox ehtiyacı var. Ukraynanın Qərbin dəstəyi olmadan müharibə aparması özündə böyük çətinliklər ehtiva edir. Ona görə də dəstək görmək istəyir. Bu dəstək daxilində F-16-lar da yer almalıdır”.

Müsahib söyləyib ki, Ukrayna uzunmənzilli artilleriya sursatları və kəşfiyyat dəstəyinə də ehtiyac duyur:

“Çünki silah-sursatı bitib. Əlbəttə, ABŞ Prezidenti Cozef Bayden onları dəstəkləməyə meyillidir, lakin onlar öz siyasi oxlarında, Senatda və Nümayəndələr Palatasında zəifliklər yaşayırlar. Buna görə də istədiyi dəstəyi verə bilmir və başqa həll yolları axtarmağa məcbur olur. Bunların fonunda deyə bilərəm ki, müəyyən çəkişmə görəcəyik. Hazırda hər şey Amerikadakı seçkilərə yönəlib. Bayden seçkilərə qədər mövqe itirmək istəmir. O, Ukraynaya dəstəyini və təsirini davam etdirməyə çalışacaq, lakin müəyyən çətinliklər ortaya çıxıb. Ancaq müharibənin digər tərəfi olan Rusiya üçün də işlər heç asan deyil. Çünki o da resurslarının böyük bir qismini istifadə edib”.

Hərbi ekspert son olaraq qeyd edib ki, yorğunluq olmasına, diqqətin yayınmasına baxmayaraq, müharibə hələ bitməyib, hətta müxtəlif ərazilərə yayılma riski var.//Report.az