Goranboyda məktəblilər arasında insident olub, bıçaqlanan var
Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident baş verib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, şagirdlər bir-birinə xəsarət yetiriblər. 2007-ci il təvəllüdlü Şeyxov Ayxan Məhəmməd oğlu döş qəfəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya aparılıb.
"Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədir. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - idarədən qeyd olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbin 11-ci sinif şagirdi A.Seyxova bıçaqla xəsarət yetirən şəxsin sinif yoldaşı U.Tağıyev olması müəyyən edilib.
Hazırda araşdırmalar davam etdirilir.//Report.az