AP: Çin Rusiyaya silah istehsalı avadanlıqlarının satışını artırıb



 17:51 13.04.2024     280

Çin Rusiyaya dəzgahlar, mikroelektronika və digər texnologiyaların satışını kəskin artırıb. Moskva da öz növbəsində bundan Ukraynaya qarşı müharibə üçün raketlər, tanklar, təyyarələr və digər silahlar istehsal etmək üçün istifadə edir.

Demedia.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyasının iki yüksəkvəzifəli rəsmisi agentliyə açıqlayıb ki, 2023-cü ildə Rusiya mikroelektronikasının təxminən 90 faizi Çindən gətirilib. Rusiya bu məhsullardan raket, tank və təyyarə istehsalında istifadə edib. 2023-cü ilin son rübündə Rusiyaya təqribən 900 milyon dollar dəyərində dəzgahlar idxalının təxminən 70 faizi Çindəndir.

Məmurlara görə, Çin və Rusiya şirkətləri Rusiyada dronların birgə istehsalı üzərində işləyirlər və Çin şirkətləri, çox güman ki, Rusiyanı sursat istehsalında istifadə edilən nitroselülozla təmin edirlər. Çin şirkətləri “Wuhan Global Sensor Technology Co.”, “Wuhan Tongsheng Technology Co. Ltd.” və “Hikvision” Rusiya tanklarında və zirehli maşınlarında istifadə üçün optik komponentlər tədarük edir.

Rəsmilər deyiblər ki, Rusiya tanklarda və zirehli maşınlarda istifadə üçün Çin şirkətləri “iRay Technology” və Şimali Çin Elektroptika Araşdırma İnstitutu tərəfindən istehsal olunan hərbi optika alıb. Çin həmçinin Rusiyaya PUA mühərrikləri və qanadlı raketlər üçün turboreaktiv mühərriklər verib.

Azad Rusiya Fondunun təhlil etdiyi Rusiya gömrük məlumatlarına görə, Rusiyanın Çindən yarımkeçirici idxalı 2021-ci ildəki 200 milyon dollardan 2022-ci ildə 500 milyon dollardan çox artıb.

Pekin Ukraynada istifadə üçün peyk və digər kosmos imkanlarını təkmilləşdirmək üçün də Rusiya ilə işləyir. Rəsmilərin fikrincə, bu, uzunmüddətli perspektivdə Rusiyanın Avropa üçün təhlükəsini artıra bilər. Məmurlar kəşfiyyat məlumatlarına istinadən bildiriblər ki, ABŞ Çinin Ukraynaya qarşı müharibəsi üçün Rusiyaya peyk görüntüləri verdiyini də müəyyən edib.

Agentlik qeyd edib ki, dövlət katibi Antoni Blinkenin Çinə səfərindən qabaq ABŞ rəsmiləri tapıntıları müzakirə ediblər.