"Ukrayna Rusiyanın cinayətləri ilə doludur" - Haaqa Məhkəməsinin Baş prokuroru Buçaya getdi
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan müharibə cinayətləri yerində müstəqil araşdırmaya başlamaq üçün Buçaya baş çəkib.
Demedi.az xəbər verir ki, bu barədə Baş prokuror İrina Venediktova məlumat verib.
“Biz onunla birlikdə Kiyev vilayətinin Buça şəhərinə getdik, burada bu gün yerli kilsənin ərazisindəki ikinci böyük məzardan qətlə yetirilən mülki şəxslərin cəsədlərinin eksqumasiyası başlayıb”, – deyə Baş prokuror yazıb.
Haaqa Məhkəməsinin Baş prokuroru Kərim Xan Buçaya səfəri zamanı bütün Ukraynanı “cinayət yeri” adlandırıb.
“Biz buradayıq, çünki Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasında olan cinayətlərin burada törədildiyinə inanmaq üçün ağlabatan əsaslarımız var. Biz həqiqətə çatmaq üçün müharibə dumanını dağıtmalıyıq”, – məhkəmənin mətbuat xidməti Xandan sitat gətirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden, Kanadanın Baş naziri Castin Trüdo və ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya hərbçilərinin Ukraynada törətdiklərini soyqırım adlandırıb.