“Rusiya öz ərazisini atəşə tutub” - Ukrayna AÇIQLADI



 14:05 15.04.2022     1433

Rusiya öz ərazisindəki Bryansk vilayətinin Klimovo kəndini atəşə tutub.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

UTX hazırda Donetsk vilayətində olan rusiyalı hərbçinin telefon danışığını ələ keçirib. Belə ki, hərbçi Rusiya qüvvələrinin həmin kəndi necə atəşə tutmasını həyat yoldaşına danışıb.

“Bunu bizimkilər vurur. Rəhbərliklə danışdıq, dedilər ki, düzdür. Eyni zibil Çeçenistan müharibəsində də olub. Moskvada mənzilləri partladırdılar, guya terrorçular edib. Əslində, onlar FTX əməkdaşlarıdır. İndi onlar (Ukrayna Silahlı Qüvvələri – “Report”) Klimovoya belə məsafədən atəş aça bilməzdilər”, – səsyazısındakı hərbçi vurğulayıb.

Xatırladaq ki, ötən gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi Rusiya xüsusi xidmət orqanlarının öz ərazilərində terror aktları törətmək planını gerçəkləşdirməyə başladığını elan edib.