Tbilisidə etiraz aksiyaları zamanı 60-dan çox insan saxlanılıb
Tbilisinin mərkəzində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı keçirilən aksiyada 63 nəfər saxlanılıb, hüquq-mühafizə orqanlarının 6 əməkdaşı xəsarət alıb.
Demedia.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze deyib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin nümayəndələri dəfələrlə etirazçıları qanunun tələblərindən kənara çıxmamağa çağırıblar. Buna baxmayaraq xüsusi təyinatlılarla etirazçılar arasında toqquşmalar yaşanıb. Etirazçılar təhlükəsizlik qüvvələrinə daş və plastik butulkalar atıb, təhlükəsizlik qüvvələri isə bibər qazı, gözyaşardıcı qazdan istifadə ediblər.
“Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Rustaveli prospektində keçirilən aksiyada 63 nəfəri xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələblərinə tabe olmadıqları üçün saxlayıblar. Aksiyada etirazçıların zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 6 əməkdaşı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb”, - A.Daraxvelidze bildirib.