Bu ölkədə ictimai nəqliyyatda maska taxmaq tələbi ləğv edilib
ABŞ-da ictimai nəqliyyatda maska taxmaq tələbi ləğv edilib.
ABŞ-ın Florida ştatının Federal Dairə Məhkəməsi ABŞ administrasiyasının koronavirusun yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda maska taxmaq tələbinin uzadılmasının qeyri-qanuni olduğuna dair qərar verib və onu ləğv edib.
Dümüdia.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Keçən həftə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi qoruyucu tibbi maskaların məcburi taxılmasını bir daha mayın 3-dək uzadıb.
Buna cavab olaraq bir neçə fiziki şəxs və qeyri-kommersiya təşkilatı məhkəməyə müraciət edib. İşə baxdıqdan sonra Dairə Məhkəməsinin hakimi Katerin Mayzel bildirib ki, Amerika hökumətinin belə genişmiqyaslı tələbi ABŞ Konqresinin təsdiqindən keçməlidir və tibbi tənzimləyicinin maska rejiminin uzadılması ilə bağlı əsaslandırması kifayət deyil.
“Sistemimiz agentliklərin qanundan yan keçməsinə imkan vermədiyi üçün məhkəmə maska rejimini (nəqliyyatda) qeyri-qanuni elan edir və onu ləğv edir”.
Prezident Cozef Baydenin administrasiyası hələlik məhkəmə qərarının icrasına qarşı çıxmayacaqlarını bildirib: “Agentliklər qərarı nəzərdən keçirir və növbəti addımları qiymətləndirir. Məhkəmənin qərarı o deməkdir ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin ictimai nəqliyyatda maska taxmaq tələbi hazırda etibarsızdır”.
Bəzi ABŞ aviaşirkətləri artıq uçuşlarda maska taxmaq tələbindən imtina etdiklərini açıqlayıblar.