"Moskva"nın batması barədə sual Lavrovu özündən çıxardı
"Ukraynada "DXR" və "LXR-in tam azad edilməsinə yönəlmiş xüsusi hərbi əməliyyatın növbəti mərhələsi başlayır".
Demedia.az xəbər verir ki, bunu çərşənbə axşamı “India Today” telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Ukraynanın şərqindəki əməliyyat, əvvəldən elan olunduğu kimi, Donetsk və Luqansk respublikalarının tam azad edilməsinə yönəlib. Bu əməliyyat davam edəcək, bu əməliyyatın növbəti mərhələsi başlayır və düşünürəm ki, indi vacib bir an olacaq",- deyə Lavrov qeyd edib.
“Moskva” kreyserinin batması ilə bağlı suala isə xarici işlər naziri belə cavab verib: "Bu, Müdafiə Nazirliyinin işidir. Baş verənləri izah etdilər. Mən buna heç nə əlavə edə bilmərəm",- deyə "sualı yersiz" hesab edərək cavab verməkdən boyun qaçırıb. Xatırladaq ki, kreyser Ukrayna ordusu tərəfindən "Neptun" raketləri ilə vurulub, amma Rusiya Müdafiə Nazirliyi gəmidə yanğının baş verdiyini bildirib. Hərbi kreyserin batması faktı təsdiqlənib.
Kremlin iddiasına görə, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin "Donbass respublikaları"nın rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib.
"Moskva" kreyseri
Lavrov vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin "demilitarizasiyası və denazifikasiyası"dır: "Rusiya Müdafiə Nazirliyindən deyildiyi kimi, Rusiya hərbçiləri şəhərlərə zərbə endirmir, yalnız hərbi infrastrukturu sıradan çıxarır, ona görə də heç bir şey mülki əhalini təhdid etmir".
Ukrayna Baş Qərargahı isə Rusiya ordusunun daha çox mülki əhali yaşayan əraziləri hədəf seçdiyini bildirir. Qeyd edilir ki, işğalçı ordu mülki əhalini qırmaqla vahimə yaratmaq məqsədi güdür. Rusiya qoşunları Kiyev ətrafından çəkildikdən sonra Buça rayonunda kütləvi qırğının törədildiyi aşkarlanmışdı. Bizimyol.info