Türk ordusu İraqda darmadağın edir - GENERALDAN ŞOK AÇIQLAMA
Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqdakı terrorçulara, onların logistika üçün istifadə etdiyi yerlərə, qərargahlarına qarşı “Pəncə-Qıfıl” əməliyyatı üç gün öncə başlayıb. “Pəncə” əməliyyatları İraqın şimalındakı terrorçulara qarşı mütəmadi şəkildə həyata keçirilir. Sözügedən əməliyyatlar Türkiyə-İraq sərhədində 300 km uzunluğunda və 30-35 km dərinlikdə təhlükəsizlik zolağını təşkil etmək və terroru öz yuvasında məhv etmək məqsədi daşıyır. “Pəncə-Qıfıl” əməliyyatı keçirildiyi Zap və Avaşin-Basyan bölgəsini tam kilidləyəcək.
Bu sözləri Axar.az-a açıqlaması zamanı Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. Generalın sözlərinə görə, Türkiyə beynəlxalq hüquqa uyğun şəkildə sonadək öz təhlükəsizliyini təmin etmək gücünə sahibdir:
“Türkiyə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə kəşfiyyat mərkəzli və milli silah-sursatdan istifadə edərək özünümüdafiə hüququndan sonadək yararlanacaq. Türkiyə əvvəllər dəfələrlə həm Şimali İraqın mərkəzi orqanlarına, həm də İraq dövlətinə sözügedən bölgələrdə antiterror əməliyyatlarının keçirilməsi ilə müraciət edib. Lakin yetəri qədər gücləri olmadığı üçün bu təkliflər reallaşmayıb. Ona görə də dövlətimiz öz təhlükəsizlik problemini yerində həll etməyə qərar verib. Hazırda Ankara əməliyyatları Şimali İraqın yerli orqanları və rəsmi Bağdadla birlikdə koordinasiya edir. Növbəti mərhələdə təxminən 100 km uzaqlıqdakı Qəndil, Mahmur və Sincar bölgəsində də əməliyyatlar keçiriləcək, son terrorçu məhv edilənədək mübarizə dayanmayacaq. Hərəkat öncə Hərbi Hava Qüvvələrinin, silahlı PUA-ların, hücum helikopterlərinin atışları ilə başlayıb və xüsusi təyinatlılarla komandoların havadan, həm də qurudan bölgəyə yeridilməsi ilə davam etdirilir. Əməliyyatların birinci mərhələsi əsasən Zapta həyata keçirilib və təhlükəsiz bölgəni tamamilə çevrələyəcək şəkildə gerçəkləşdirilib. Türkiyə dövləti yalnız İraqda deyil, eyni zamanda Liviyada, Suriyada, “Mavi Vətən”də, gələcəkdə də Qara dənizdə ölkəmizin təhlükəsizliyi üçün bütün addımları atmağa qadirdir”.
Yücel Karauz qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri terrorizmlə mübarizə təcrübəsi və döyüş qabiliyyəti ilə dünyada birinci yerdədir:
“Dünyada terrorizmə qarşı mübarizə apara biləcək bir nömrəli ölkə Türkiyədir. Çünki Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, inancı, əlində olan silah sistemləri və 38 illik terrorla mübarizə təcrübəsi onu dünyanın ən döyüşkən ordusu halına gətirib. Qətiyyətimiz və inancımız tamdır, son terrorçu məhv edilənədək əməliyyatlar davam edəcək”.
General Türkiyə Ordusunun qarşısında duruş gətirə bilməyən terrorçuların kütləvi terror aktları törətməyə çalışdığını, Bursada törədilən terror aktının isə buna örnək olduğunu vurğulayıb:
“Ordumuzun qarşısında duruş gətirə bilməyən terrorçular xain addımlara hər zaman əl atırlar. Bursada Penitensiar Xidmətin əməkdaşlarına qarşı törədilən terror aktı da belə xain əməllərdən, cinayətlərdəndir. Terror aktı nəticəsində bir əməkdaş şəhid olub, dörd əməkdaş isə yaralıdır. Dolayısı ilə meydanda başına dəmir yumruq endirilən terrorçular belə kütləvi terror aktları ilə öz varlıqlarını davam etdirməyə çalışırlar. Lakin həmin terror təşkilatları, onları bəsləyənlər və şər yuvaları bilmədir ki, Türkiyə dövləti heç nədən və heç kimdən çəkinməyəcək şəkildə öz müstəqilliyini, təhlükəsizliyini və gələcəyini qorumaq üçün kifayət qədər əzmli və qətiyyətlidir”.